Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
YPX-nin onlayn çatdırılma xidməti göstərən maşınları saxlaması ilə bağlı RƏSMİ AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla bağlı əlavə tədbirlər haqqında qəbul etdiyi son qərara əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib. Bu məqsədlə respublika ərazisində xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmətin dayandırılması, çatdırılma və onlayn satışlara məhdudiyyətsiz icazə verilməsi qərara alınıb.
Lakin, paytaxtın Xətai rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları “FedEx Ekspress” şirkətinə məxsus üzərində reklam lövhəsi olan nəqliyyat vasitələrini saxlayıb.
Bu barədə Oxu.Az-a dünyada ən iri yükdaşıma şirkətlərindən biri olan “FedEx Express”in Azərbaycanda xidmət təminatçısı “Azəri Ekspress” şirkətinin şirkətinin direktoru Şaiq Qəribzadə məlumat verib.
O bildirib ki, ölkədə mövcud vəziyyətlə əlaqədar olaraq bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırıldığı üçün insanlar çatdırılma xidmətlərinə müraciət edir:
“Şirkətimiz mövcud vəziyyətlə əlaqədar ölkə daxilində çatdırılma xidmətini həyata keçirir. Əməkdaşlarımız supermarketlərdən, ərzaq mağazaları və apteklərdən vətəndaşların sifarişi əsasında alınan məhsulları aidiyyəti üzrə ünvanlara çatdırmaqla məşğul olur.
Bildirim ki, şirkətə məxsus nəqliyyat vasitələri arasında üzərində reklam lövhəsi olan və olmayan avtomobillər var. Nəqliyyat vasitələrinin bir qismi bizimlə əməkdaşlıq etmək istəyən şəxslərə aid olduğu üçün onların üzərinə reklam lövhəsi vurulmayıb. Əvvəlcə elə düşündüm ki, reklam lövhəsi olmadığı üçün yanlış anlaşılma olub. Lakin mənə bildirdilər ki, paytaxtın Xətai rayonu ərazisində YPX əməkdaşları tərəfindən üzərində şirkətə aid reklam lövhəsi olan avtomobili saxlayıblar.
Bizə vətəndaşlarla yanaşı kiçik və orta sahibkarlar da müraciət edir. Bəlkə də bu kiçik anlaşılmazlıqdır, polis əməkdaşlarının yanlış təlimatlandırlması səbəbindən baş verib. Hər iki halda bu məsələni bir qədər aydınlaşdırmağa çalışıram.
Sadəcə olaraq, Nazirlər Kabineti tərəfindən mövcud vəziyyətlə əlaqədar, qəbul edilən qərarda poçt şirkətlərinə məhdudiyyətsiz icazə verilməsinə dair məqamın qeyd olunmasını istərdim. Çünki bilirsiz ki, respublika ərazisində bir çox ticarət obyektlərinin fəaliyyəti dayandırılıb. Qərarda ölkə daxilində poçt xidmətləri ilə bağlı qadağaların olmadığına dair qeyd əks olunarsa, bu kimi anlaşılmazlıqlar aradan qalxar deyə düşünürəm”.
Xatırladaq ki, “Azəri Ekspress” şirkəti 1997-ci ildən həm də TNT şirkətinin Azərbaycanda təmsilçisidir.
Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev aydınlıq gətirib. O bildirib ki, paytaxt daxilində çatdırılma xidməti göstərən şirkətlərin nəqliyyat vasitələrinə qadağa ilə bağlı göstəriş yoxdur:
“Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkətinə məhdudiyyət yoxdur. Sözsüz ki, çatdırılma xidməti göstərən şirkətlər vətəndaşların evdən çıxmadan onlayn sifarişlərinin ünvana çatdırlmasını təmin edir. Bu səbəbdən polis əməkdaşları tərəfindən həmin şirkətlərə məxsus nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilməz. Əgər belə bir faktla qarşılaşan şəxslər varsa, dərhal bizə və ya Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etsinlər. Məsələ yerindəcə araşdırılsın”.
Eyni zamanda xüsusi karantin rejimi dövründə paytaxt ərazisində regionlara gediş-gəliş ilə bağlı da bir sıra qərarlar qəbul edilib. Belə ki, xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydası da təsdiqlənib. Həmin qaydalara əsasən, operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücülərinin keçməsinə icazə var.
Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri isə işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.
Könül Cəfərli
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
- Bu ilin 11 ayı ərzində avtoqəzalarda 344 nəfər ölüb - RƏSMİ
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
Rəylər