Dünən Bakıda evakuatorun üstündəki dəmirin sürüşüb başqa maşının şüşəsindən içəri girməsi ilə nəticələnən yol qəzası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qəzaya evakuatorun yoxsa “Hyundai” markalı avtomobilin sürücüsünün səbəb olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bəs Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində baş verən qəza kimin səhlənkarlığının nəticəsidir? Yol hərəkəti qaydalarının hansı normaları pozulub?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov baş verən qəza ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, baş verən hadisəyə hüquqi qiymət verilməsi üçün mütləq şəkildə araşdırma aparılmalıdır:
“Hər bir sürücü daşıdığı yükün həcmini (qabaritini) nəzərə almalıdır. Əgər evakuatorun sürücüsü “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda qeyd edilən müvafiq normaları pozubsa, o halda, həmin sürücü günahkar hesab edilə bilər. Amma bütün hallarda, yük daşıyan sürücünün diqqətli olması qədər, arxadan gələn digər nəqliyyat vasitələri də diqqətli olmalıdır.
Ayrıca hadisənin hansı şəraitdə baş verməsini dəqiqləşdirmək üçün hər iki sürücünün izahatı alınmalı, araşdırma aparılmalıdır. Daşınan yük qayda ilə müəyyən edilən ölçülərdən kənara çıxmamalıdır. Ölçülərdən kənardırsa, onun daşınması doğru deyil”.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, cənab prezidentin 2007-ci ildə verdiyi sərəncama uyğun olaraq axşam saat 20:00 radələrindən 21:00-dək yük avtomobillərinin paytaxta girməsinə icazə var:
“Belə ki, qeyd olunan saatlarda yükü beş tondan artıq olmayan kommunal xidmət və dövlət əhəmiyyətli maşınların paytaxta girməsinə icazə verilib. 2015-ci ilin 4 iyun tarixindən etibarən, yük avtomobillərinin gecə saat 00:00 radələrindən səhər saat 07:00-dək Bakıya girişinə icazə verilir. Ümumiyyətlə yayılan videogörüntüdə yalnız qəzanın nə ilə nəticələndiyini görürük. Qəza anı və hansı şəraitdə baş verdiyi görüntülərdə yoxdur.
Amma bir neçə variant var ki, qaydalar əsasında demək mümkündür. Evakuatorların paytaxta girişinə axşam saatları ilə yanaşı, gündüz saatlarında da icazə var. Ehtimal edilir ki, arxadan gələn minik avtomobili ara məsafəni gözləməyib. Əgər gözləsəydi, hətta dayandığı təqdirdə qəzadan yayınmaq şansı yüksək olardı. Bununla yanaşı evakuator sürücüsü daşıdığı yükü xüsusi nişanlarla işarələməli idi ki, bu digər nəqliyyat vasitələri tərəfindən daha tez görülsün”.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda Yüklərin markalanmasına aid hissənin 4.14. maddəsində qeyd olunub ki, qabaq və arxa tərəfdən avtonəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxan yüklər Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkətinə dair normativ hüquqi aktlarına uyğun nişanlanmalıdır.
Bundan başqa “Yükün yüklənməsi və boşaldılması qaydaları”nın 6.5. maddəsinə görə, yüklənməsinə çox vaxt sərf edilən metal çubuqlar (millər), borular və digər tarazsız daşınan ədədi yüklər yüklənmədən əvvəl sarınmalıdır (altlıqların üzərinə yığılmalı və ya yükgöndərən tərəfindən digər üsullarla yük vahidi halına gətirilməlidir).
Könül Cəfərli