Zaqatala rayonunun Muğanlı və 3-cü Tala kəndlərində genişmiqyaslı monitorinqlər aparılıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA əməkdaşları sakinlərlə birlikdə 500-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan onminlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib.
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməli, xüsusilə də zərərvericini qışlama yerlərində vaxtında məhv etməlidir.
Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir.
Vurğulanıb ki, beynəlxalq təcrübədə də qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına ciddi təsir edə bilər.