Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda və Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.