Azərbaycan ədəbiyyatında superqəhrəmanların yer aldığı ilk roman tezliklə işıq üzü görəcək.
Oxu.Az xəbər verir ki, Gənc yazar Xülya Cəfərovanın müəllifi olduğu “Külək: Yel Kürəsinin Şahzadəsi” adlı əsər milli ədəbiyyatımızda çox az sayda nümunə olan fentezi janrındadır.
Əsərin protaqonisti Külək yaşadığı “Yel Kürəsi” adlı utopik diyarı xilas etmək üçün bir çox çətinliklərdən keçir. Ardınca Yer kürəsinin də taleyi ondan asılı olur.
Əsərdə qədim türk və yunan mifologiyasına müraciət edilib. Süjet boyu çoxlu sayda gözlənilməz gedişatlara rast gəlinir. Obrazların rəngarəngliyi və hadisələrin çevikliyi oxucunu daim maraqda saxlayır. Əsərdə alternativ reallıqlar ortaya qoyulub və Bakının hamıya məlum olan məkanları (Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl qəsri, Alov qüllələri və s.) mistik bir formada oxucuya təqdim olunub.
Əsərdə zamanda səyahət, alternativ gerçəkliklərin ortaya qoyulması, Novruz çərşənbələrinə fərqli bir yanaşma və digər bu kimi maraqlı nüanslar da var. Eyni zamanda, Azərbaycan, eləcə də dünya tarixində baş vermiş ən önəmli hadisələrə də toxunulub. Bu baxımdan fentezi janrında yazılmış bir çox romanlardan fərqli olaraq, “Külək: Yel Kürəsinin Şahzadəsi” həm də intellektual çəkiyə malikdir. Ümumilikdə isə mübarizə xeyrin şər üzərində qələbəsiylə başa çatır.
“Külək: Yel Kürəsinin Şahzadəsi” Xülya Cəfərovanın ilk kitabıdır. Buna qədər müəllif müntəzəm olaraq mətbuatda öz yazıları, hekayələri ilə çıxış edib. O, həmçinin “Ye, Dua et, Sev”, “Aclıq Oyunları: Alov yanacaq” və “Aclıq Oyunları: Zığ-zığ quşu” əsərlərinin Azərbaycandakı rəsmi tərcüməçisidir. Müəllif bildirir ki, kitabın əsas hədəf auditoriyası yeniyetmələrdir. Əsərdə qəhrəmanlar müxtəlif fövqəlgüclərə malikdirlər. Məsələn, adından bəlli olduğu kimi Külək küləkləri idarə edir, onun əsas düşməni olan Alov od saçır, İşıq öz şölələri ilə zülmətə qalib gəlir, Yağmur istədiyi vaxt yağış yağdıra bilir və s. Müəllif də bir növ roman vasitəsilə oxucuları öz daxillərində olan “fövqəlgücü” kəşf etməyə çağırır.
Əsərdə həmçinin Umay, Simurq quşu, əjdaha Evrən, bozqurd, Ereb, Nikta, Kayra Xan və digər maraqlı personajlar da var. Roman nağılla gerçəkliyin fərqli bir harmoniyasıdır. Əsərin süjet xətti boyu iki bir-birindən fərqli hissə var: bir tərəfdən Umay qızı Küləyə danışdığı nağıllar vasitəsilə qədim dastanlara, əfsanələrə, mifologiyaya müraciət edir və onları milli nağıllarımızın üslubunda oxucuya çatdırır. Digər tərəfdən də müəllif iki ayrı planetdə - Yel və Yer kürəsində baş verən hadisələri nəql edir və vaxtaşırı oxucunu təəccübləndirməyi də unutmur.
Roman pozitiv abu-havası, milli və mənəvi dəyərlərin təbliğinə yer verməsi, tərbiyəvi əhəmiyyəti ilə yeniyetmələr və gənclər üçün faydalı bir kitab hesab oluna bilər. Qeyd edək ki, kitabın təqdimatının yaxın günlərdə baş tutacağı gözlənilir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər