Hatayın küçələrində gəzərkən ilk baxışdan insanı iki fərqli zaman qarşılayır. Bir tərəfdə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələnin izləri, digər tərəfdə isə minilliklərə meydan oxuyan qədim şəhərin ruhu. Elə bu iki zamanın qovuşduğu nöqtələrdən biri də Necmi Asfuroğlu Arxeologiya Muzeyidir. Bəs bu muzeyi digər eyniadlı tarixin qorunub saxlanıldığı məkanlardan fərqləndirən nədir?
Oxu.Az Hatayda olan əməkdaşının şəhərin tarixi, sonuncu zəlzələ nəticəsində dağılması və bərpası, tarixi və qədim əraziləri, eləcə də yaşı eradan əvvələ dayanan artefaktların qorunub, saxlanıldığı Necmi Asfuroğlu Arxeologiya Muzeyindən reportajını təqdim edir:
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi "Qastrodiplomatiya Modeli: Süfrə və İrs" tədbirlər silsiləsinin növbəti proqramı çərçivəsində yolumuzu Hataydan saldıq. Burada ziyarət etdiyimiz məkanlardan biri də əyalətin Antakya şəhərində yerləşən sözügedən muzey oldu. Diqqətimi çəkən əsas məqam isə muzeyin əvvəlcədən planlaşdırılmış bir layihənin nəticəsi olmaması idi. Yəni tarixin qorunub saxlanıldığı bu məkan qədim tapıntıların aşkarlanması üçün həyata keçirilən arxeoloji qazıntılar nəticəsində üzə çıxmayıb, əksinə, 2009-cu ildə Antakya şəhər mərkəzində hotel tikintisi üçün aparılan qazıntılar zamanı qədim şəhərin qalıqları aşkar edilib. Tapıntıların əhəmiyyəti nəzərə alınaraq layihə dəyişdirilib və arxeoloji irsin yerində qorunması qərara alınıb. Beləliklə, tarixin üzərində yüksəlmək əvəzinə, tarixlə birlikdə yaşamağı seçən bir məkan ortaya çıxıb. Bununla da razılaşmaya əsasən, həmin əraziyə toxunulmadan muzey kimi dövlət balansına alınıb, üzərində sütunlar qaldırılaraq hotel inşasına bu şəkildə davam etdirilib. Yəni bir ərazidə keçmişlə gələcəyin vəhdətini təşkil edən iki fərqli şəhəri - keçmiş və bugünkü Hatayı eyni anda görmək mümkündür. 2019-cu ildə isə muzey Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilərək ziyarətçilərin üzünə açılıb.

Bu baxımdan, muzeyə daxil olan kimi burada sadəcə eksponatların nümayiş etdirilmədiyini, həm də Hatayın Antakya bölgəsinin 2300 illik tarixinin göz önünə sərildiyini görürsən. Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevkos tərəfindən əsası qoyulan şəhərin müxtəlif dövrlərdə aid olduğu Roma, Bizans və Osmanlı İmperiyaları dövrlərinə aid qatları xronoloji ardıcıllıqla bir-birini təqib edir. Qədim şəhərə və ona məxsus strukturlara baxanda isə həmin dövrü sanki canlı şəkildə ziyarət etmək imkanı əldə edirsən.
Burada ən böyük təəssüratı isə mozaikalar yaradır. Təbii ki, Monumental-dekorativ sənətinin əsas növlərindən biri olan mozaikaları dünyanın istənilən muzeyində görmək mümkündür. Lakin haqqında danışdığım maddi-mədəni irsin cəm olduğu xəzinədə mozaikalar məhz aşkarlandığı yerdə qorunub saxlanılıb. Bir növ, tarixin ruhuna xələl gətirilməyib. Bu səbəbdən, Necmi Asfuroğlu Arxeologiya Muzeyi dünyada nadir nümunələrdən biri hesab olunur.
Muzeyin ən möhtəşəm əsərlərindən biri dünyanın ən böyük təkparça döşəmə mozaikasıdır. Təxminən 1050 kvadratmetr sahəni əhatə edən bu əsər ilk baxışdan dalğa naxışlarını xatırladır. Lakin bələdçilərin izahına görə, bu dalğalar əslində əsrlər boyu bölgədə baş verən zəlzələlərin və istiqamətini dəyişən çayların izlərini daşıyır. IV əsrə aid bu mozaikaya baxarkən istər-istəməz şəhərin son taleyi yada düşür. Sanki 2 000 il əvvəl hazırlanan əsər bu torpaqların dəyişməz taleyindən danışır: dağılmaq, lakin yenidən ayağa qalxmaq.
Necmi Asfuroğlu Arxeologiya Muzeyində gördüyüm Peqasus, Musalar və digər mifoloji təsvirləri bir arada düşündükdə, Antakya mozaikalarının ortaq bir xüsusiyyəti aydın görünür. Burada daha çox insan taleyi, tanrıların gücündən çox sevginin, ümidin və itkinin hekayələri ön plana çıxır. Elə buna görə də bu mozaikalar qədim dünyanın sadəcə bədii irsi deyil, həm də onun emosional yaddaşıdır.
Tarixi maraqlı olan digər araşdırma məhsulu isə ilham pəriləri olan Musalardır (və ya Müzlər). Yunan mifologiyasında bir-biri ilə bacı olan bu tanrıçaların sayı doqquzdur. Onlar əvvəlcə yalnız şeir ilahələri hesab olunsalar da, zaman keçdikcə elm, musiqi və digər incəsənət sahələri ilə də əlaqələndiriliblər. "Müza" sözünün mənşəyi düşüncə, ağıl, yaradıcılıq qabiliyyəti mənalarını ifadə edən qədim "men" kökünə dayanır. Şair Hesiodun "Teoqoniya" əsərinə görə, müzalar tanrıların hökmdarı Zevs ilə yaddaş tanrıçası Mnemosinenin qızlarıdır. Buna görə də onlar bəzən "Yaddaşın qızları" və ya "Ahəngin qızları" adlandırılırlar. Müzaların adları qədim yunan şeir və ədəbiyyatında tez-tez çəkilsə də, onların özlərinə həsr olunan ayrıca bir dastan yoxdur. Onlar adətən Apollonun rəhbərlik etdiyi xorun üzvləri kimi təsvir edilir, tanrıların məclislərində mahnı oxuyur, rəqs edir və ilham mənbəyi rolunu oynayırlar. Qeyd etmək yerinə düşər ki, muzey kəlməsi də məhz həmin müza adının kökünə dayanır ki, bu da muzeyin mahiyyətinə əlavə rəngarənglik və maraq qatır.
Muzeydə eramızın II əsrinə aid olan mifologiyanın qanadlı atı olan Peqasus da sərgilənir. 162 müxtəlif rəng çalarından ibarət təbii daşlarla hazırlanman mozaika öz incəliyi ilə seçilir. Peqasus qədim insan üçün sadəcə əfsanəvi varlıq olmayıb, təbin, azadlığın və sərhədləri aşmaq istəyinin rəmzi sayılıb. Əbəs deyil ki, bu gün də insanın arzuları dəyişməyib. Hamımız həyatımızın hansısa mərhələsində öz "Peqasusumuz"u axtarırıq.
Qədim daşlar üzərində sevgi, insan hissləri və taleyə həsr olunan diqqətimi çəkən başqa bir əfsanə isə Hatayın Harbiyə bölgəsində baş verdiyi iddia edilən Apollon və Dəfnə hekayəsidir. Əvvəlcə onu qeyd edim ki, Harbiyədə aparılan arxeoloji araşdırmalar nəticəsində əldə edilən tapıntılara görə, bölgənin eramızdan əvvəl 4500-3000 tarixlərindən başlayaraq yaşayış yeri kimi istifadə edildiyi məlum olur. Hətta e.ə. 195-ci ildə dünyada ilk olimpiyada oyunlarının keçirildiyi yer də bura hesab edilir. Ümumiyyətlə, sərgilənən əsərlərdən həmin dövrdəki şəhərsalma planına baxanda, hər şeyin bir-birini necə ustalıqla tamamladığı da görünür. Bu gün belə kiçik təbii hədələrə dözə bilməyən şəhərlərə baxanda, minillikləri aşıb gələn və öz arxitekturasını qoruyan şəhərlərin necə ustalıq və şəffaflıqla tikildiyi məlum olur.
Bütün bunları düşünə-düşünə əfsanədə keçən hadisələri daha dərindən anlamaq üçün şəlalələri və təmiz havası ilə məşhur olan Harbiyəyə də baş çəkdim və buranın nə üçün turistlərin diqqətini ən çox cəlb edən yerlərdən biri olduğunu başa düşdüm. Ecazkar görünüşü, təbiəti və təmiz havası ilə qarşıladığı hər kəsi cəlb edən Harbiyə şəlaləsi, haqqında danışacağım əfsanənin bilavasitə iştirakçısıdır. Belə ki, rəvayətə görə işıq tanrısı Apollon çay tanrısının qızı olan "su pərisi" Dəfnəyə vurulur və onun arxasınca düşür. Qaçmaqdan yorulan Dəfnə xilas olmaq üçün torpaq anaya yalvarır və dəfnə ağacına çevrilir. Apollon isə həmin ağacı özünün müqəddəs rəmzinə çevirir. Bu gün Harbiyənin şəlalələri haqqında danışarkən, yerli sakinlər hələ də həmin suların Dəfnənin göz yaşları olduğuna inanırlar.
Bütün bunlar əfsanə olsa da, dəyişməyən bir həqiqət var: minilliklər keçsə də, azadlıq uğrunda mübarizə, seçim haqqı və qarşılıqsız sevgi kimi insana məxsus ali hisslər dəyişmir. Ona görə də qədim mozaikalar bugünkü insan üçün də başa düşülən və doğmadır.
Eyni hissləri Eros və Psixe hekayəsində də tapmaq mümkündür. Əfsanəyə görə, qeyri-adi gözəlliyi ilə tanrıça Afroditin qısqanclığına səbəb olan Psixe qədim yunan mifologiyasında məhəbbət ilahi sayılan Erosla sevgilidir. Lakin bu münasibət asan sınaqlardan keçmir. Eros sevgilisindən heç vaxt onun kimliyini soruşmamağı tələb edir. Psixe isə marağına qalib gələ bilmir və bir gecə çıraq işığında sevgilisinin üzünə baxır. Bununla da ayrılıq başlayır. Mozaikada məhz bu hekayənin ən duyğulu səhnələrindən biri təsvir olunub. Kəpənək qanadları ilə göstərilən Psixe əlində Erosun yayını tutur və onu oyatmamaq üçün sakitcə ox qabını götürməyə çalışır. Digər tərəfdə isə ağacın kölgəsində yuxuya getmiş Eros uzanıb. Səhnədə hərəkət yoxdur, amma böyük bir emosional gərginlik hiss olunur. Sanki daş parçaları ilə yaradılan bu kompozisiya 1 800 ildən artıqdır ki, eyni sualı verir: sevgi etimad olmadan yaşaya bilər?

Antakyanın taleyi isə muzey divarları ilə məhdudlaşmır. 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələ şəhərin böyük hissəsini yerlə-yeksan edib. Minlərlə insan həyatını itirib, yaralanıb. Bir o qədər infrastruktura ziyan dəyib, binalar dağılıb, yollar çöküb, lakin polad konstruksiya üzərində qurulan Necmi Asfuroğlu Arxeologiya Muzeyi ayaqda qalan nadir tikililərdən biri olub. Ziddiyyət isə ondadır ki, şəhəri viran qoyan zəlzələ, eyni zamanda, tarix üçün yeni qapılar da açıb. Dağıntıların təmizlənməsi və yenidənqurma işləri zamanı torpaq altından yeni arxeoloji tapıntılar üzə çıxmağa başlayıb. Əsrlər boyu gizli qalan qədim divarlar, məzarlar və artefaktlar yenidən gün işığına çıxıb. Düzdür, bu, zəlzələnin yaratdığı imkan olsa da, lakin o da faktdır ki, heç bir tarixi tapıntı insan itkisini əvəz edə bilməz.
Hatay isə sanki öz taleyini təkrar yaşayır. Tarix boyu saysız-hesabsız zəlzələlər, müharibələr və dağıntılar görən bu qədim şəhər hər dəfə yenidən qurulub. Hər yeni tikintinin altında başqa bir dövrün izləri aşkarlanıb. Necmi Asfuroğlu Arxeologiya Muzeyi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada sərgilənən eksponatlar yalnız keçmiş sivilizasiyaların yadigarı deyil, həm də bir şəhərin yaddaşının necə qorunduğunu göstərən canlı sübutlardır. Zəlzələnin yaratdığı böyük ağrının fonunda torpaqdan çıxan hər yeni tapıntı da vilayətin hələ də danışacaq çox hekayəsinin olduğunu xatırladır.
Muzeydən çıxarkən son dəfə geriyə baxıram. Adəm övladının bir parçası olduğu torpağın altında gizlənən minilliklərin hekayələri, daşlara həkk olunan sevgilər, əfsanələr, qələbələr və faciələr xəyal olaraq gözlərimin önündən keçir. Burada sərgilənən hər bir tarix yalnız bir dövrün və ərazidə mövcud olan dövlətlərin yadigarı deyil, həm də insanlığın ortaq yaddaşının bir parçasıdır. Bəlkə də bu muzeyin ən böyük fərqi də məhz bundadır. Bu məkan ziyarətçini keçmişə aparmaqla kifayətlənmir, onu bu gün haqqında da düşünməyə vadar edir. Peqasusun qanadlarındakı azadlıq arzusunu, Dəfnənin hekayəsindəki insanın seçim haqqını, Eros və Psixenin sevgisindəki etimadın zərurətini, nəhəng mozaikanın dalğalarında isə zamanın və təbiətin qarşısındakı insanın kövrəkliyini görmək insanı bir daha düşünməyə, keçmiş, bu gün və gələcək haqqında götür-qoy etməyə vadar edir: İnsan ömrü qısa, şəhərlərin ömrü uzun, mədəniyyətin ömrü isə bəzən minilliklər qədər olur. Deməli, əbədi, əsrlər boyu "yaşamaq" üçün həm də tarixin, mədəniyyətin bir parçası olmalı, verilən ömrü hədər yaşamamalısan.