Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq artisti Arif Məlikov vəfat etdi
Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.
Bu barədə “Report”a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.
O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.
“Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək”, - deyə F.Bədəlbəyli əlavə edib.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə bildirib ki, A. Məlikov I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev” ordeni, 2018-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. O, 1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1978-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Foto müəllifi Məcid Əliyev
Rəylər