"Sea Breeze Resort" kompleksinin "Sea Breeze Walk of Fame" xiyabanında rejissor, ssenarist, aktyor və ictimai xadim Yuli Qusmanın adına verilmiş ulduzun açılış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, "Sea Breeze Walk of Fame" xiyabanındakı yeni ulduz peşəkar tərcümeyi-halı Azərbaycan kinosu, teatrı və televiziyasının tarixi ilə sıx bağlı olan bir şəxsiyyətin xatirəsini əbədiləşdirib.
"Biz vətənpərvərik, çünki biz burada xoşbəxt idik və indi də Bakıda olduğumuz üçün xoşbəxtik", - deyə Yuli Qusman Azərbaycana olan sevgisini ifadə edərək bildirib.
O, özünün uşaqlıq illərində paytaxtın necə olduğunu ətraflı təsvir etdikdən sonra Bakının son illərdə möcüzəvi şəkildə dəyişdiyini fikirlərinə əlavə edib.
Ulduzun açılış mərasimində çıxış edən xalq yazıçısı Anar Yuli Qusmanla birgə işi ilə bağlı xatirələrini bölüşüb.
"Sən həmişə ulduz olmusan, kino ulduzu, KVN ulduzu", - deyə o bildirib.
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də Y.Qusmanla birgə iş illərinin xatirələrini bölüşüb.
Yuli Qusmanın yaradıcılığı barədə həmçinin kinoprodüser, NTV-nin baş direktoru Timur Vaynşteyn və Yuli Qusmanın qardaşı, tanınmış jurnalist Mixail Qusman da danışıblar.
Tədbirdə, eyni zamanda, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artisti Emin Ağalarov, Yuli Qusmanın həmkarları və onun yaradıcılığının pərəstişkarları da iştirak ediblər.
Onların alqışları sədaları altında Şöhrət xiyabanında Yuli Qusmanın ulduzunun açılışı baş tutub.
Yuli Solomonoviç Qusman Azərbaycanın Xalq artisti və Rusiya Federasiyasının Əməkdar incəsənət xadimidir. O, 1943-cü il avqustun 8-də Bakıda anadan olub, burada təhsil alıb və bədii karyerasına başlayıb.
1964-cü ildə Qusman Bakının KVN klubunun təsisçilərindən biri olub, daha sonra isə ümumittifaq səhnəsində uğur qazanan "Bakılı oğlanlar" komandasına rəhbərlik edib. 1973-1988-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Onun ən məşhur əsərlərindən biri "Qorxma, mən səninləyəm!" (1981) musiqili macəra filmi olub.
1976-1984-cü illərdə Qusman Azərbaycan Dövlət Musiqili Teatrının bədii rəhbəri, 1984-1985-ci illərdə isə Rəşid Behbudov Mahnı Teatrına rəhbəri olub. Daha sonra, o, Rusiyanın "Nika" film mükafatını təsis edib və KVN-in münsiflər heyətinin ən tanınan üzvlərindən birinə çevrilib.