18 
Sen
2019
15:13
206
14
2213
Virtual karabakh

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur - FOTO

Üzeyir Hacıbəylinin yaxın dostuna hədiyyə etdiyi əşyalar 70 ildir Ağcabədi sakini tərəfindən qorunub-saxlanılır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Ü.Hacıbəyli dövrünün görkəmli ziyalılarından Mirzə Vəli İsmayılovla yaxın dost olub.

Ü.Hacıbəyli özünə məxsus bir neçə əşyanı – tar, saat və eynəyi yaxın dostuna hədiyə verib. Bu gün də həmin əşyalar İsmayılovlar ailəsi tərəfindən qorunur.

M.V.İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. 

Ü.Hacıbəyovun atası Əbdülhüseynin Rəncbərlər kəndi ilə qohumluğu beş yaşlı M.V.İsmayılovun 1890-cı ildə dahi bəstəkarla Şuşa realnı məktəbinə getməsinə səbəb olub. 

Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. 

Ü.Hacıbəyli seminariyaya həmin il, M.V.İsmayılov isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən M.V.İsmayılov təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. 

M.V.İsmayılov Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işlədikdən sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə - 75 yaşında doğma kəndi olan Rəncbərlərdə həyata gözlərini yumub.

A.İsmayılov qeyd edib ki, Ü.Hacıbəyli saatını və eynəyini M.V.İsmayılova hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub-saxlanılır. 

İsmayılovlar nəslinin digər nümayəndəsi Rəsul İsmayılov bildirib ki, Ü.Hacıbəyli onlarla əlaqəni heç vaxt kəsməyib: 

“Onlar həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq. Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri