17 
Dek
2022
19:36
162
42
2703
Virtual karabakh

Soner Sarıkabadayı: “Mahnılarımı dünyaya yaxşı bir şey vermək ümidi ilə bölüşürəm” - MÜSAHİBƏ + FOTO

17 Dek, 2022
19:36
2703

Soner Sarıkabadayı: “Mahnılarımı dünyaya yaxşı bir şey vermək ümidi ilə bölüşürəm” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı möhtəşəm konsert proqramı ilə Bakıya gəlib.

Bu gün məşhur “Buz”, “Pas” və “Sadem” musiqi albomlarının müəllifi Azərbaycandakı pərəstişkarlarını hitləri ilə sevindirəcək.

Oxu.Az konsert öncəsi Soner Sarıkabadayı ilə həmsöhbət olub, sevilən mahnılarının sirrini öyrənib. 

- Konsertiniz sentyabrda baş tutmalı idi, lakin ləğv olundu, çünki Qarabağda növbəti erməni təxribatı nəticəsində Azərbaycan hərbçiləri həlak olmuşdu...

- Təbii ki, şəhidlərə ehtiram əlaməti olaraq konserti təxirə salmaq qərarına gəldik.

Amma burada çıxış etmək, öz ifamı yaradıcılığımın pərəstişkarları ilə bölüşmək mənim üçün böyük xoşbəxtlikdir. Bu axşama özəl ciddi konsert proqramı hazırladığım üçün Bakıdakı çıxışı səbirsizliklə gözləyirdim. Dünən Bursada konsertdə idim, amma Bakı haqqında düşünürdüm. Ümumiyyətlə, son bir həftədir bütün fikirlərim yalnız paytaxt musiqisevərləri qarşısında çıxış etməkdən ibarət olub, çünki bilirəm ki, bu şəhərdə musiqiyə, istedada, əməyə yüksək qiymət verilir. Ona görə də həyəcanım təbiidir.

- Sosial şəbəkədəki səhifənizdən oxudum ki, bilet satışından əldə olunan gəlirin bir hissəsi şəhid ailələrinə yardıma gedəcək...

- Bəli, elədir. Bu, bizim ümumi təşəbbüsümüz idi. Mən isə konsertin təşkilatçılarına – “S.ES Organisation”a təşəkkürümü bildirmək istəyirəm ki, onlar düzgün reaksiya verdilər, konsertin vaxtını dəyişdirdilər, bununla bağlı yaranan bütün çətinliklərin öhdəsindən gəldilər.

- İlk mahnılarınızı eşidən kimi anladım ki, siz başqa pop-ulduzlar kimi deyilsiniz. Camaatı əyləndirmirsiniz, öz dünyanız var və onu başqalarına çatdırmaq istəyirsiniz. Bir neçə ay öncə də işıq üzü görən mahnılarınız 10 ildən çox əvvəl eşitdiyim Soner olduğunuzu göstərir. Mənə çox maraqlıdır ki, illər ərzində bu özəlliyinizi necə qoruyub saxlaya bilmisiniz?

- Çox sağ olun, çox həssassınız... Bu, ağlımla anlaya biləcəyim, təhlil edəcəyim bir şey deyil. Mahnılarımı yazanda bunu necə edəcəyimi düşünmürəm. Xoşbəxtəm ki, Allah mənə bəxş etdiyi şeyi yaradıcılığımla ifadə edə bilirəm. Təbii ki, çalışmalı idim, amma xoşbəxtəm ki, mücadilə etmişəm, çalışmışam, və bu şansa görə şükr edirəm. Düşünürəm ki, özümü eşidə bilməyim - sadəcə şansdır. Mənim daxili dünyamı başqalarına çatdıra bilməyim - daha böyük uğurdur. Bunlar fərqli şeylərdir. Bəli, mən özümü belə düşünə bilərdim və təbii ki, edirəm. Amma insanların mənim haqqımda belə düşünməsi çox dəyərlidir. Kimsə deyirsə ki, mən içimdəkini, ya da dinləyicinin içindəkiləri ifadə etmişəm, bu, həmişə təqdir etdiyim bir şansdır. Və bütün bunlar məni ruhlandırır.

- Təkcə özünüzə deyil, başqa ifaçılara da - Sibel Can, Demet Akalın, Murat Boz, Murat Dalkılıç, Berkay üçün mahnılar yazdığınızı biləndə təəccübləndim... Yazdığınız mahnıları başqasının ifasında qısqanmırsınız?

- Yox, ümumiyyətlə, qısqanclığım yoxdur, çünki qısqanacaq bir şey yoxdur. Mənə elə gəlir ki, indi kiməsə paxıllıq etsəm, bu Allaha, hətta qismətə “xoş gəlməyə” də bilər. Kimin daha istedadlı olduğunu bilmirəm, mühakimə etmək mənlik deyil. Məndən çox işgüzara paxıllıq edə bilərəm və bunu gizlətmərəm, dərhal adamın özünə deyərəm (gülür).

Mahnıları ifaçılarla bölüşmək mənim üçün çox önəmlidir. Çünki onların qəlbinə toxuna, hər konsertində səslənəcək mahnını onlarla paylaşa bilirəmsə, o zaman hər yerdə varam. Mən səhnədə olmaq məcburiyyətində deyiləm, mahnım məni təmsil edəcək. Mahnıların uğurlu olmasını istəyirəm. Onlar mənim övladlarımdır, onları sevgi ilə və dünyaya yaxşı bir şey vermək ümidi ilə bölüşürəm.

- Sizcə əla mahnının sirri nədədir?

- Bilmirəm, sizə deyəcəyim şey sirrdirmi... Uzun illərdən sonra mahnı hələ də dinləyicinin qəlbinə toxunursa, deməli, əladır.

Firəngiz Ağalarova

Daha çox foto: PhotoStock.Az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri