Nyu-Yorkun (ABŞ) Steyten-Aylend rayonunda yaşayan kişini ildırım vursa da, sağ qalmağı bacarıb.
Oxu.Az xəbər verir ki, zərərçəkən Tomas Fahmi "NBC News"a açıqlamasında bildirib ki, hadisə avtomobilindən 5 metr aralıda baş verib.
İldırım çaxan an yerə yıxılan kişi hər iki ayağında şiddətli yanğı, göynəmə, keyləşmə və kəskin ağrı hiss etdiyini deyib. Bunun ardınca ABŞ-li ayağa qalxaraq kömək çağırmaq məqsədilə yaxınlıqdakı evə doğru gedib.
Hadisə nəticəsində sözügedən şəxs ciddi xəsarətlər almayıb. O, xəstəxanaya yerləşdirilib və zəruri tibbi yardım göstərildikdən sonra növbəti gün evə buraxılıb.