Baltimorda (ABŞ) 30 yaşlı polis əməkdaşı Dekuan Hatçins bir neçə ay ərzində sürücülərin yoxlanılması ilə bağlı xidməti sistemə saxta məlumatlar daxil etməkdə ittiham olunub.
Oxu.Az "CBS News"a istinadən xəbər verir ki, onun vəzifəsi sənədlərin yoxlanılması və ya yol hərəkəti qaydalarının pozulması kimi hallarda avtomobilləri saxlamaq olub.
Polis əməkdaşı sistemdə yoxlama apardığını qeyd etdikdə dispetçer ona digər çağırışları yönləndirməyə bilərdi.
İstintaqın versiyasına görə, Hatçins bundan faktiki olaraq işləməmək üçün istifadə edib. O, avtomobili yoxladığını bildirsə də, əslində patrul maşınında dincəlib. Hadisələrdən birində polis əməkdaşı avtomobili saxladığını qeyd etsə də, müstəntiqlər həmin vaxt onun maşında oturaraq smuzi sifariş etdiyini müəyyənləşdiriblər.
Detektivlər Hatçinsi patrul xidməti zamanı dörd dəfə izləyiblər. Bu müddətdə o, həqiqətən doqquz avtomobili saxlayıb, lakin istintaqın məlumatına görə, daha səkkiz yoxlama barədə saxta hesabat verib. Bu səbəbdən əslində Hatçinsə yönləndirilməli olan çağırışlar digər əməkdaşlara göndərilib.
Polis əməkdaşına rəsmi sənədləri saxtalaşdırmaqla bağlı dörd, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı isə beş ittiham irəli sürülüb. Hatçins ittihamları rədd edir.