ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağa başlaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Hörmüz boğazında 60 günlük atəşkəs müddəti ərzində keçid üçün heç bir ödəniş alınmayacaq. Bu müddət başa çatdıqdan sonra da ödəniş tətbiq edilməyəcək. Yalnız ABŞ istisna hal kimi belə bir addım ata bilər", - deyə Donald Tramp bildirib.
O qeyd edib ki, bu addım ABŞ ilə İran arasında yekun sazişin əldə olunmayacağı təqdirdə gündəmə gələ bilər.
Donald Trampın sözlərinə görə, Vaşinqton Yaxın Şərq ölkələrinə təhlükəsizlik sahəsində göstərdiyi xidmətlərə, həmçinin keçmişdə çəkdiyi, hazırda daşıdığı və gələcəkdə çəkəcəyi xərclərə görə kompensasiya almaq məqsədilə belə bir qərar qəbul edə bilər.