ABŞ Hərb Nazirliyi (Pentaqon) "Lockheed Martin" şirkəti ilə dəyəri 8.4 milyard dollar olan əlavə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi məlumatında qeyd olunub.
Bildirilir ki, "Lockheed Martin" şirkətinə 8 402 489 648 dollar məbləğində əlavə razılaşma təqdim edilib.
Məlumata görə, bu razılaşma yüksəkdəqiqlikli zərbə raketlərinin istehsal potensialını artırmaq məqsədilə limitlərin genişləndirilməsini və sifarişlərin yerləşdirilməsi müddətinin uzadılmasını nəzərdə tutur.
Dəyişikliklərdən sonra müqavilənin ümumi nominal dəyəri 13.339 milyard dollara çatıb. Sənəd çərçivəsində raketlərin tədarükü, ilkin əməliyyat hazırlığının təmin edilməsi üçün vasitələrin verilməsi və 2032-ci maliyyə ilinin sonunadək yekunlaşacaq təcrübə-konstruktor işlərinin həyata keçirilməsi planlaşdırılır.
İstehsal ediləcək bütün raketlər ABŞ ordusunun Alabama ştatındakı Redstoun arsenalına göndəriləcək.