Albaniyada Baş nazir Edi Ramaya qarşı ardıcıl altıncı gündür davam edən etiraz aksiyaları dünən daha da şiddətlənib. Hökumət rəhbəri bir saatlıq müraciətlə çıxış edərək vəzifəsini tərk etməyəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Oktyabrın 18-də hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Tiranada Albaniyanın Təhsil Nazirliyinin binasının qarşısı nümayişlərin əsas mərkəzlərindən birinə çevrilib.
Etirazçıların paytaxtın mərkəzinə yayılması saatlarla davam edən şiddətli toqquşmalara səbəb olub. Nümayişçilər asayiş keşikçilərinə daş, "Molotov kokteyli" və pirotexniki vasitələr atıb, zibil qutularını yandırıb, həmçinin hakim partiyanın mənzil-qərargahı da daxil olmaqla, binaların şüşələrini sındırıblar.
Bundan əlavə, polis bölməsi və Daxili İşlər Nazirliyinin binasının girişi yandırılıb.
Məlumata görə, ümumilikdə oktyabrın 18-də 19-u polis olmaqla 28 nəfər yaralanıb. Bir həftə ərzində aksiyalarda xəsarət alanların ümumi sayı 272 nəfərə çatıb ki, onların da 169-u polis əməkdaşıdır.
Oktyabrın 18-də Rama nümayişlərlə bağlı xalqa ilk ətraflı müraciətini edib. Onun "Facebook" üzərindən canlı yayımı təxminən 2 milyon dəfə izlənilib.
Qeyd edək ki, Albaniyanın əhalisi təqribən 2.4 milyondur. 1 saat 14 dəqiqə davam edən videomüraciətdə Rama istefa ehtimalını istisna edərək, Rusiya və İranın adını çəkib və nümayişlərin arxasında xarici qüvvələrin dayandığını vurğulayıb.
Avstriya rəsmilərinin verdiyi məlumata görə, Albaniya hökuməti Ramanın Vyanaya səfərini və oktyabrın 19-na planlaşdırılan Kansler Kristian Ştokerlə danışıqlarını təxirə salıb.