Ermənistanın Apellyasiya Məhkəməsi Ermənistan XİN-in keçmiş əməkdaşı Aşxen Aleksanyanın dövlətə xəyanətdə ittiham olunması ilə bağlı cinayət işinin yenidən araşdırmaya göndərilməsi barədə prokurorluğun vəsatətini təmin edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, A.Aleksanyan 23 aprel 2026-cı ildə bu maddə üzrə bəraət alıb və məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
"Cinayət Apellyasiya Məhkəməsi 22 sentyabr 2026-cı il tarixli qərarı ilə prokurorun apellyasiya şikayətini təmin edib. Suverenliyə, ərazi bütövlüyünə və Ermənistan Respublikasının xarici təhlükəsizliyinə təhdid yaradan məlumatları pul müqabilində xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürməkdə ittiham olunan şəxslə bağlı cinayət işi yeni araşdırmanın aparılması üçün səlahiyyətli birinci instansiya məhkəməsinə göndərilib", - deyə Baş Prokurorluğun məlumatında bildirilib.
Bununla belə, qurum iş üzrə təqsirləndirilən şəxsin soyadını açıqlamayıb.
Qeyd olunur ki, iş üzrə təqsirləndirilən şəxs iki il müddətinə azadlıqdan məhrum edilib, lakin prokuror tərəfindən apellyasiya şikayəti verilib və bu şikayət sentyabrın 22-də Cinayət Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Ermənistan İstintaq Komitəsi 29 avqust 2025-ci ildə ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşının casusluqda ittiham edilərək həbs olunduğunu açıqlayıb. Bildirilib ki, İstintaq Komitəsində XİN əməkdaşının casusluq yolu ilə dövlətə xəyanət etməsi, xarici dövlət nümayəndəsinin dövlət sirri təşkil edən məlumatlarla tanış olması üçün şərait yaratması və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə yardım göstərməsi faktı üzrə cinayət işi başlanıb.
Ermənistan KİV-in məlumatına görə, söhbət Azərbaycan vətəndaşı ilə yaxın münasibətdə olan və ona pul müqabilində məlumat ötürən Aşxen Aleksanyandan gedib. Martın 27-də Yerevan Ümumi Yurisdiksiya Birinci İnstansiya Məhkəməsi Ani Danielyanın sədrliyi ilə Aleksanyana dövlətə xəyanət ittihamı üzrə bəraət hökmü çıxarıb.
Aleksanyanın müdafiə tərəfi bildirib ki, məhkəmənin qənaətinə görə, onun müdafiə etdiyi şəxsin əməllərində Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməl - vəzifəli şəxsin xidməti səlahiyyətlərindən sui-istifadə etməsi və ya onlardan irəli gələn təsirdən fayda əldə etmək məqsədilə istifadə etməsi - olub. Bu maddə üzrə maksimum cəza dörd il müddətinə azadlıqdan məhrumetmədir. O, həmin maddə üzrə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.