Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla baş verə biləcək mümkün münaqişəyə hazırlıq məqsədilə Hindistandan səsdən sürətli "BrahMos" qanadlı raketləri almağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) müxtəlif mənbələrin nəşrlərinə istinadən məlumat yayıb.
"BrahMos"un P-700 və P-800 model qanadlı raketləri sovet texnologiyaları əsasında iki ölkə tərəfindən müştərək şəkildə inkişaf etdirildiyi üçün Hindistanın onları satmaq üçün Rusiyanın icazəsi tələb olunur", - deyə məqalədə qeyd olunur.
Qərb nəşrinin bildirdiyinə görə, BƏƏ mövcud siyasi səbəblərdən hərbi texnikanı birbaşa Rusiyadan tədarük edə bilmir.
"BrahMos" raketlərinin yerüstü buraxılış sistemləri ilə təchiz olunacağı və SCALP kimi səs sürətindən yavaş olan hava bazalı qanadlı raketlərlə yanaşı İranın bütün ərazisindəki hədəflərə qarşı səmərəli zərbələr endirə biləcəyi ehtimal edilir", - deyə jurnal yazır.
Nəşr həmçinin ərəb dövlətinin arsenalındakı tək mühərrikli "F-16E/F" və "Mirage 2000-5" qırıcılarının "BrahMos" kimi irihəcmli raketləri daşımaq imkanında olmadığını da diqqətə çatdırıb.