HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin keçmiş mühafizəçisi Britaniyadan sığınacaq və vətəndaşlıq alıb, daha sonra isə Avropada yəhudilərə və İsrail nümayəndələrinə qarşı hücumların hazırlanması ilə bağlı iş üzrə şübhəli şəxsə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" mənbələrinə və Almaniyanın ittiham aktına istinadən məlumat yayıb.
Davam edən cinayət işi ilə əlaqədar kişinin adı açıqlanmır. Qəzet onu "cənab X" adlandırır. "The Times"ın məlumatına görə, o, ən azı 2006-cı ildən Haniyənin şəxsi mühafizəsində olub. 2009-2012-ci illərdə isə Misir üzərindən Avropa ilə Qəzza zolağı arasında mütəmadi səfərlər edib.
Qəzet yazır ki, həmin şəxs daha əvvəl Misirdə Qəzza zolağına silah və qızıl qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan tuneli idarə etdiyinə görə saxlanılıb. Bundan başqa, o, HƏMAS-ın digər yüksəkvəzifəli nümayəndəsinin oğludur.
2015-ci ildə həmin şəxs Britaniyadan sığınacaq istəyib və müddətsiz yaşayış icazəsi alıb. Daha sonra isə Britaniya vətəndaşlığı əldə edib. O, özünü İT məsləhətçisi kimi təqdim edərək "dərin məxfilik şəraitində" yaşaya bilib.
Kişi bir neçə dəfə rəsmi olaraq adını dəyişib. Britaniyanın "Companies House" reyestrində onun həm ilkin, həm də yeni adı ilə qeydiyyatdan keçirdiyi şirkətlər aşkarlanıb. Qəzet yazır ki, o, CV-də texnologiya, nəqliyyat və qida şirkətlərində iş təcrübəsi olan İT mütəxəssisi kimi özünü təqdim edib.
Almaniya istintaqının versiyasına görə, "cənab X" 2025-ci ilin yayında Almaniya və ya Avstriyada yəhudi icma mərkəzlərinə, İsrail diplomatlarına və İsrail tərəfdarı tədbirlərə hücumların hazırlanmasını təşkil edən şəxslərdən biri olub. Hücumların HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun ikinci ildönümü ərəfəsində həyata keçirilməsi planlaşdırılıb.
Qeyd olunur ki, iyul ayında şübhəli şəxs Berlindən Vyanaya beş tapança, döyüş sursatı, papaqlar, şərflər və əlcəklər apararaq onları icarəyə götürdüyü anbarda yerləşdirib.
Kişi 2025-ci ilin noyabrında İsrail kəşfiyyatı "Mossad" və Almaniyanın xüsusi xidmət orqanları ehtimal olunan plandan xəbər tutduqdan sonra Londonun mərkəzində saxlanılıb. O, təqsirli bilinərsə, əvvəlcə Britaniyada cəzasını çəkməli, bundan sonra Almaniyaya ekstradisiya edilə bilər.
Ümumilikdə Almaniya istintaqı üzrə yeddi şübhəli şəxsə ittiham irəli sürülüb.