Bir neçə gün əvvəl bir gündə üç dəfə hava hücumu sirenası səsləndi. Sonuncu üç saat davam etdi. Bütün bu müddət ərzində qonşularımla sığınacaqda oturduq. Bilirsiniz, biz adətən bir saat otururduq, bu dəfə isə üç saat oldu, etiraf edim ki, bir az narahat olduq.
Bu barədə Odessa sakini Yelizaveta Qavrilova Media.Az-a danışıb.
Onun sözlərinə görə, həmin gün bir neçə partlayış olub, hətta yeraltı dayanacaqda (sığınacaq kimi istifadə olunur - red.) da eşidilib.
“Biz böyükləri pis fikirlərdən xilas edən yeganə şey uşaqların qaçıb oynaması, itlərin əylənmələri idi... Düzü onların “həyəcan siqnalı” adlı yeni oyunu oynamaqlarından o qədər də məmnun deyildik. Aparıcı “həyəcan siqnalı” və ya “sirena” deyə qışqırır, qalanları isə görünməmək üçün gizlənməlidirlər. Belə anlarda müharibənin böyüklər üçün nə qədər çətin olduğunu, uşağın psixikasının necə asanlıqla pozulduğunu anlayırsan. Həmin günün axşam saatlarında o qədər partlayışlar oldu ki, içəridə titrəməyə başladıq. Televiziyada müharibəyə baxanda başqa şeydir, hər şeyi öz qulağınla eşidmək başqa”, - deyə o yaşadıqlarını paylaşıb.
Onun sözlərinə görə, bu il martın 8-i tamam fərqli olub.
“8 Mart bizə qadının nə qədər güclü ola biləcəyini göstərdi, o, kişilərlə bərabər silaha sarılaraq evinin müdafiəsinə qalxan, arxa cəbhədə köməklik edən, günlərlə yatmayan, humanitar qərargahda işləyənlərə həsr olundu. Martın 8-də qohumlarla bir-birimizə gül yox, konserv və qənd verdik. Ərzağa indi çox ehtiyac var, nəinki bir buket gülə”, – deyə Qavrilova ah çəkir.
Həmin bayram axşamı, komendant saatından dərhal sonra, onun sözlərinə görə, yenidən partlayışlar başlayıb.
“Bu bir neçə saat davam etdi. Birtəhər diqqətimizi yayındırmaq üçün filmə baxdıq, ancaq diqqətimizi ona cəmləyə bilmədik. Gecə saat 02:00-da telefonuma gələn mesajlara oyandım, Odessaya qanadlı raketlər atmağı planlaşdırdıqlarını oxudum, bundan sonra gözümə yuxu getmədi. Müharibənin yeni günü artıq gəlib çatsa da, onların Odessaya qanadlı raketlər atmaq istədikləri barədə fikirlər beynimdən getmir...”, – odessalı qadın deyir.
Onun sözlərinə görə, ümumilikdə, müharibə fikirləri yenidən nəzərdən keçirməyə, hər şeyi düşünməyə, yenidən qiymətləndirməyə məcbur edir...
“Biz Rusiya OMON-larının sakinləri dinc mitinqlərə görə necə saxladığını dəfələrlə görmüşük. İndi Rusiyada adekvat əhali müharibə əleyhinə mitinqlərə çıxanda görürük ki, Leninqradda uşaqları, qocaları necə tuturlar. Onların Ukraynaya döyüşmək və dinc insanları öldürmək üçün gəlmələrinə şübhə varmı? Təbii ki, yox”, – Qavrilova qeyd edib.
Qız vurğulayıb ki, ukraynalılara müharibə lazım olmayıb və indi də lazım deyil.
“Biz istəyirdik ki, öz torpağımızda yaşayıb, iqtisadiyyatımızı inkişaf etdirək... Biz həmişə demişik və yenə də deyirik ki, ərazilərimizi tərk etsinlər, onları burada gözləyən yoxdur. Biz hələ həyatları qabaqda olan rus oğlanlarını öldürmək istəmirik, lakin uşaqların, mülki şəxslərin və ümumiyyətlə, Ukrayna vətəndaşlarının ölümünü bağışlaya bilmərik. Rusiya Federasiyası hökuməti hərbçilərinin ölümünü etiraf etmir. Onlar öz vətəndaşlarının meyitlərini qəbul etmək istəmirlər. Axı, cəsəd yoxdursa, problem də yoxdur, sübut da. Ancaq onlar Ukraynanın suveren ərazisini tərk etməsələr, əzizlərini bir daha heç vaxt görməyəcək anaların və qadınların sayı getdikcə daha da artacaq”, - deyə o vurğulayıb.