Qroznıda, şəhərin mərkəzində öldürülmüş polisin qətl hadisəsi araşdırılır. Qətlə yetirilən polisin tabel silahı oğurlanıb. Cinayətkarın yerini xəbər verən üçün 10 milyon rubl mükafat təyin edilib.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, hər şey yerüstü keçiddə günorta saatlarında baş verib. Polis əməkdaşı Qroznının əsas prospektində növbə çəkib. Şübhəli görünən cavan adamı yoxlamaq üçün saxlayıb.
Müşahidə kameralarında polisin çantanı yoxladığı aydın görünür. Bundan istifadə edən cinayətkar tapançanı çıxarıb soyuqqanlılıqla hüquq mühafizəçisinə atəş açır. Bundan sonra DİN əməkdaşının tabel silahını götürüb gedir. Aldığı odlu silah yarasından polis əməkdaşı yerindəcə ölür.
Polis əməkdaşının ölümünə ilk olaraq respublika başçısı Ramzan Kadırov reaksiya verib. İnstagram hesabında cinayətkarın şəklini yerləşdirərək onun yerini bildirənə 10 milyon rubl mükafat vəd edib.
“Çeçenistan respublikasında çoxdandır ki, belə hadisə olmurdu. Mən qatilin axtarışının bütün polis əməkdaşları və Çeçenistan sakinləri tərəfindən aparılacağını bütün məsuliyyətimlə bəyan edirəm. Onun cəzası ağır olacaq. Biz heç kimə, polis əməkdaşlarının və respublika vətəndaşlarının qanını tökməsinə izn vermərik”, - Ramzan Kadırov söz verib.
Hələ dünən gecə bütün hüquq mühafizəçiləri gücləndirilmiş iş rejiminə keçiblər. Şəhərlərarası yerüstü və hava xətləri sərnişinləri yoxlanılır. Beləliklə, Urus-Martanovski rayonunda avtonəqliyyatın yoxlanılması zamanı naməlum şəxslər mühafizəçilərə atəş açıblar. Cavab atəşi ilə onlar məhv edilib. Amma onların Qroznıda qətlə yetirilən polis ilə əlaqələrinin olub-olmaması müəyyən edilməyib. Amma onların quldur dəstələri ilə əlaqəsi müəyyən edilib.
Hər iki insident üzrə Daxili İşlər Nazirliyi təcili iclas keçirib. İctimai asayişin qorunması yönümündə və polisi qətlə yetirən cinayətkarın axtarışlarının gücləndirilməsi barədə göstəriş verilib. Həmçinin bildirilib ki, post-patrul xidmətinin əməkdaşı Maqomed Dapayev ölümündən sonra dövlət mükafatı ilə təltif ediləcək.