Cənubi Amerikanın şimalında yerləşən Qayananın sahilləri yaxınlığında göyərtəsində təxminən 116 nəfərin olduğu MV BARIMA sərnişin bərəsi qəzaya uğrayıb.
Oxu.Az "Demerara Waves" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qayananın ictimai işlər naziri Xuan Echill bildirib.
"Hazırda aktiv axtarış-xilasetmə əməliyyatı həyata keçirilir və biz onların təhlükəsizliyi üçün dua edirik", - deyə nazir bəyan edib. O qeyd edib ki, indiyədək gəmidən 53 nəfər xilas edilib.
İlkin məlumatlara görə, gəmi ölkənin paytaxtı Corctaundan Port-Kaytuma doğru hərəkət edirmiş və qısa müddət sonra gəmidə baş vermiş insidentlə bağlı zəng daxil olub.
Axtarış-xilasetmə qrupu göyərtədəkilərin siqnal raketləri yandırmasından sonra MV BARIMA bərəsinin yerini müəyyən edə bilib.