ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib.
Oxu.Az "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqları mümkünsüz edərdi.
Tramp ABŞ-nin İrandakı vəziyyəti diqqətlə izlədiyini və ölkə rəhbərliyinin hazırda dəfn mərasimində iştirak etdiyini qeyd edib. O, İran rəhbərliyinə qarşı mümkün zərbə ilə bağlı suala cavabında, "Biz bunu etməyəcəyik, çünki onda danışacaq heç kim qalmaz", - deyə bildirib.
ABŞ Prezidenti həmçinin İran tərəfinin "sülh razılaşması üçün yalvardığını" iddia edib və dəfn mərasimində insanların ağlamasına təəccübləndiyini söyləyib. Onun sözlərinə görə, "bəlkə də bunlar saxta göz yaşlarıdır".
Xatırladaq ki, Tramp daha əvvəl İranla aparılan danışıqlara fasilə verildiyini və bunun İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar olduğunu açıqlamışdı.
Məlumata görə, dəfn mərasimi iyulun 3-də Tehranda başlayıb və 100-dən çox ölkədən nümayəndələrin iştirakı ilə keçirilir.