Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ və İran arasındakı münaqişənin nizamlanması yollarını müzakirə ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
"Biz regionda müharibənin mümkün qədər tez və tam dayandırılması yollarını müzakirə etdik", - deyə o, Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz razılaşdıq ki, bu müharibə heç kimə sərf etmir və yalnız itkilərə və dağıntılara gətirib çıxaracaq", - deyə Dar əlavə edib.
İslamabadda Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında danışıqlar aparılır.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, nazirlər iki gün ərzində Yaxın Şərqdə müharibənin deeskalasiyası və digər regional məsələləri müzakirə edəcəklər.
Məlumata görə, həm ABŞ, həm də İranla münasibətlərə malik olan Pakistan diplomatik səylərdə əsas vasitəçiyə çevrilib və Vaşinqtonun təklif etdiyi sülh planını Tehrana çatdırıb.