Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda qlobal bazarlarda neftin bahalaşması davam edir. Əvvəlki ticarət sessiyasının yekunlarına əsasən, regionda yaranmış gərginlik səbəbindən neftin qiymətində nəzərəçarpacaq dərəcədə yüksəliş qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında "Brent" markalı neftin noyabr füçerslərinin qiyməti 0.97 dollar (1.07%) artaraq bir barel üçün 91.46 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 2.39 dollar (2.71%) bahalaşaraq bir barel üçün 90.49 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 1.19 dollar (1.39%) bahalaşaraq bir barel üçün 86.95 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.36 dollar (2.83%) artaraq bir bareli 85.76 dollara satılmışdı.