Top 500-ə daxil olan dünyanın ən zəngin insanları koronavirusun yayılması və neftin qiymətlərinin düşməsi fonunda 2020-ci ilin əvvəlindən təxminən 1 trilyon dollar itirib.
Bu barədə “Bloomberg” yazır.
Agentlik bildirir ki, martın 12-də dünyanın ən zəngin insanlarından 500-ü ümumilikdə 331 milyard dollar itirib. Bu da Top 500-dəki biznesmenlərin ilin əvvəlindən 950 milyard dollara qədər itirməsinə gətirib çıxarıb. Ümumilikdə, onlar sərvətlərinin 16% - ni itiriblər.
“Buna səbəb pandemiyanın yayılmasının qorxusu və neftin qiymətinin çökməsi nəticəsində bazarın çaxnaşmaya düşməsi olub”, - deyə agentlik bildirir.
Ən çox “Louis Vuitton Moët Hennessy” şirkətinin rəhbəri Bernar Arnonun sərvəti azalıb. Belə ki, o, 9,5 milyard dollar itirib. “Amazon.com”un təsisçisi Ceff Bezos isə 8,1 milyard dollar itirib. “Microsoft”un təsisçilərindən olan Bill Qeytsin isə sərvəti 6,9 milyard dollar azalıb.