Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Qisleyn Maksvell digər məhbusların təhdidləri və ittihamları səbəbindən digər həbsxanaya - az ciddi rejimli müəssisəyə köçürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Mail" qəzeti mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, Maksvell hökumət nümayəndələri ilə danışmağa başlayan kimi, Tallahassidəki digər məhbuslar onu "xəbərçi" sayıblar.
Onun iyulun 31-də Texas ştatında qadınlar üçün daha az ciddi rejimli həbsxanaya köçürüldüyü qeyd edilir. Keçən həftə Maksvell ABŞ baş prokurorunun müavini ilə bir neçə dəfə görüşüb.
Qeyd edək ki, 2022-ci ildə Nyu York məhkəməsi Böyük Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum edib. Britaniyalı qadın Epşteyn ilə yaxın münasibətdə olub.