"Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan "Ermənistan Elektrik Şəbəkələri" QSC ilə bağlı hər hansı sövdələşmə müqabilində azadlığa çıxmaq niyyətində deyil".
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə şirkətin baş direktorunun səlahiyyətlərini icra edən David Kazinyan İrəvanda keçirilən mətbuat konfransında bəyan edib.
"Ermənistan Elektrik Şəbəkələri"nin rəhbəri və Samvel Karapetyanı şəxsən tanıyan biri olaraq deyə bilərəm ki, bu mümkün deyil," - deyə Kazinyan bildirib.
Xatırladaq ki, "Taşir" şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsində ittiham olunub və iki ay müddətinə həbs edilib. Ermənistan mediasında yayılan məlumata görə, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ("İrəvan-Kentron" cəzaçəkmə müəssisəsi) binasındakı məşhur "KQB zirzəmisi"ndə saxlanılır.