Fransaya məxsus Bel-İl adasında yerləşən Lokmarya kommunasının rəhbəri Dominik Russelo yaxta sahibi ilə yaranmış münaqişədən sonra həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu hadisə barədə "Le Figaro" nəşri öz mənbəyinə istinadla məlumat yayıb.
Verilən xəbərə əsasən, iyulun 4-ü axşam saatlarında adanın mərkəzi limanında (Russelo burada həm də liman müdiri vəzifəsində çalışırdı) iki şəxs arasında əlbəyaxa dava yaşanıb. Hüquq-mühafizə orqanları əraziyə çatanda bələdiyyə sədri artıq vəfat etmişdi. Onun bədənində heç bir xəsarət izi aşkarlanmayıb və ilkin ehtimallara görə, ölümə infarkt səbəb olub.
Qayıq sahibi olan 55 yaşlı şəxs dərhal saxlanılıb. Məlum olub ki, o, əvvəllər də zorakılıq əməllərinə görə məsuliyyətə cəlb edilib. Hazırda həmin şəxsin Russelonun ölümündə nə dərəcədə təqsirkar olduğunu müəyyənləşdirmək üçün istintaq tədbirləri davam etdirilir.