Fransanı bürüyən, artıq bir sıra təhsil müəssisələrində iğtişaşlara və yanğınlara səbəb olan yuxarı sinif şagirdlərinin kütləvi etirazları qonşu Belçikaya da keçib.
Oxu.Az bu barədə DH qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, Lyej şəhərinin (Belçikanın cənub-şərqi) beş kollecində tələbə iğtişaşları alovlanıb. Təhsil alanlar zibil qutularını yandırıb, bir neçə binanın fasadına zərər vurub, pəncərələri sındırıblar.
Şagirdlər, həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına fişənglər və yumurta atıblar, lakin hüquq-mühafizə orqanları onlara qarşı cavab tədbirləri görməyib. Təhsil müəssisələrinin yaxınlığındakı iğtişaşlar bütün dərs günü ərzində davam edib və günortadan sonra tədricən səngiyib, iştirakçılar dağılışıblar.
Paralel olaraq, Lyejdə və Belçikanın cənubundakı digər böyük şəhər olan Namürdə şagirdlərin öz təhsil müəssisələrinin qarşısında dinc etiraz aksiyaları keçirilib, bəzi hallarda müəllimlər də bu dinc etirazlara qoşulublar.
Belçikanın Fransa ilə həmsərhəd olan cənub fransızdilli regionu Valloniyada etiraz aksiyaları tez-tez Fransadakı analoji hadisələrlə sıx bağlı olur, hətta Belçikada qonşu ölkədəki etirazlar üçün tutarlı səbəblər olmadıqda belə bu hallar yaşanır.