Günəşdə 2026-cı ilin ən böyük tac dəliklərindən biri formalaşıb və onun diametri təxminən 1 milyon kilometr təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib.
"Hazırda kosmosdan əldə edilən Günəş şəkillərində köndələn ölçüsü təxminən bir milyon kilometrə çatan, olduqca nəhəng tac dəliyi müşahidə olunmaqdadır", - deyə məlumatda bildirilir.
Fotolarda bu tac dəliyi ulduzun səthində yerləşən nəhəng qaranlıq boşluq kimi görünür. Lakin ekspertlərin sözlərinə görə, bu mənzərə sadəcə optik illüziyadır və Günəşin daxilində gerçək bir boşluğun yaranması demək deyil. Əslində, tac dəliyi plazma sıxlığının və temperaturun kəskin şəkildə aşağı düşdüyü Günəş atmosferinin geniş bir sahəsidir.