Hindistanın şimal-şərqində yerləşən Assam ştatında musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 89 nəfər ölüb.
Oxu.Az bildirir ki, bu barədə "The Hindu" qəzeti təbii fəlakətlərlə mübarizə üzrə yerli idarəyə istinadən məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində Sivasaqar və Qolaqat rayonlarında iki nəfər həlak olub. Eyni zamanda, hazırda beş dairədə 122 mindən çox insan daşqınlardan zərərçəkmiş şəxs kimi qeydə alınıb.
Qeyd olunur ki, Sivasaqar rayonu təbii fəlakətdən ən çox zərər çəkən ərazi olub. Burada daşqınlar 60 min sakinə təsir edib. Xilasedicilər gecə yağan güclü yağışlar səbəbindən yeni daşqınların baş verməsi təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq ediblər.