İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Misirdə yoxa çıxan İranın keçmiş diplomatı Əmir Musəvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Nazirliyin sözçüsü qeyd edib ki, Əmir Musəvi hazırda rəsmi diplomat statusu daşımır:
"Misirdə qaçırıldığı bildirilən Əmir Musəvi adlı şəxs diplomat deyil. O, bir müddət İranın mədəniyyət müşaviri vəzifəsində çalışıb. Eşitmişik ki, bu şəxs İraq pasportu ilə Misirə daxil olub", - deyə o bildirib.
Bəqayi əlavə edib ki, İran vətəndaşlarının hüquqlarını qorumaq və təmin etmək məqsədilə məsələ Qahirədəki İranın Maraqlarının Müdafiəsi İdarəsi vasitəsilə yaxından izlənilir.
Qeyd edək ki, Misir mediasının bu gün yaydığı xəbərlərə görə, Əmir Musəvi İran və İraq pasportları, təhlükəsizlik icazəsi və rəsmi Misir vizası ilə ölkəyə daxil olub. Lakin Qahirə Beynəlxalq Hava Limanına çatdıqdan dərhal sonra sorğu-suala cəlb edilib və bundan sonra onunla bağlı məlumat almaq mümkün olmayıb.
İranın keçmiş diplomatı Əmir Musəvi Misirə rəsmi dəvət aldıqdan sonra hava limanında müəmmalı şəkildə itib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Mənbələr bildirir ki, Musəvi İran və İraq pasportu, təhlükəsizlik icazəsi və Misir vizası ilə ölkəyə daxil olub. Lakin Qahirə hava limanına çatdıqdan dərhal sonra onun sorğu-sualı başlayıb. Mənbə bunun "Facebook"dakı son paylaşımı ilə bağlı olduğunu qeyd edib.
Məlumata görə, onun səfər zamanı qatılacağı seminar strateji sahələr üzrə ekspertlərin iştirakı ilə İran və Misir arasında iqtisadi və texnoloji əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün planlaşdırılıb.
Misir hakimiyyəti hələ Musəvinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verməyib.