“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.
Bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi - “Əl Azaim”də bildirilib.
Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb.
Mətndə qeyd olunur ki, terror təşkilatının üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.
Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron da “Vilayəti Xorasan”ın Fransada terror aktları törətmək üçün bir neçə cəhd etdiyini bildirib.
“Son aylarda məhz bu qrup ərazimizə bir neçə dəfə terror cəhdi edib”, - deyə o vurğulayıb.
Fransa prezidenti bu cəhdlərin nə vaxt, necə edildiyini, onların sayını və s. təfərrüatı açıqlamayıb.
Makron, həmçinin, bildirib ki, o, Rusiyaya terrorizmlə mübarizədə geniş əməkdaşlıq təklif edib. Rusiya prezidenti ilə birbaşa danışıb-danışmayacağı ilə bağlı sualı cavablandıran Makron təmasların ilk növbədə texniki şəkildə və nazirlər səviyyəsində aparılacağını deyib.
Mənbə: BFM TV
Rəylər