İsrailin maliyyə naziri Betsalel Smotriç Böyük Britaniya səfirinin ölkədən deportasiya edilməsinə çağırış edib.
Oxu.Az xəbər verir ki, nazir bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
İsrailli nazir bu reaksiyanı Birləşmiş Krallığın İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edə biləcəyi barədə yayılan məlumatlara cavab olaraq verib.
"The Guardian" nəşrinin məlumatına görə, Britaniyanın xarici işlər naziri Ed Milibend sentyabrın 8-də İsrail yaşayış məskənlərində istehsal olunan malların və bəzi xidmətlərin ticarətinə qadağa qoyacaq.
"Britaniya səfiri elə bu axşam qovulmalıdır. Biz yəhudilərə və İsrail Dövlətinə hücum etməklə iqtisadi və sosial çöküşdən xilas olmağa çalışan antisemit hökumətin ayaqaltısı olmayacağıq. İsraildə Britaniya mandatı başa çatıb", - deyə B.Smotriç cavabında qeyd edib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə "X" hesabında bildirib ki, artıq "İsrailin Folklend adalarını ingilislərin Argentina xalqından zorla qopardığı işğal olunmuş Argentina ərazisi kimi tanımasının vaxtı çatıb".
Qeyd edək ki, Folklend (Malvin) adaları Böyük Britaniya və Argentina arasında bu günə qədər həllini tapmayan uzunmüddətli ərazi mübahisəsinin mövzusudur.