"İqlim dəyişikliyi hadisələrin həm miqyasını, həm də başvermə tezliyini artırır. Nəticədə, yağıntının az olduğu dövrlər, həddindən artıq yağıntılı dövrlər, daha çox daşqınlar və su ehtiyatlarının azalması ilə qarşılaşırıq".
Oxu.Az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İsmail Serageldin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, qeyd edilən dəyişikliklər, o cümlədən yağıntıların dəyişməsi, yağıntıların qar şəklində düşməsi və digər bu kimi proseslər çox ciddi nəticələrə səbəb olacaq:
"Bu, yalnız ekoloji dəyişikliklər, ekosistemlər və biomüxtəliflik məsələsi deyil. Həmçinin su axınlarının dəyişməsi, həmin ərazilərdə yaşayan icmalar, limanlar, mövcud liman infrastrukturunun əlçatanlığı və ya istifadəyə yararlılığı, eləcə də bu icmaların iqtisadi əsasları ilə bağlı məsələdir. Yəni bütün bunlar ciddi problemlər yaradır.
Burada həqiqətən də düzgün idarəetməyə ehtiyac var. Lakin heç bir ölkə bunu təkbaşına həyata keçirə bilməz. Buna görə də Xəzər dənizi hövzəsini bölüşən beş sahilyanı ölkə əməkdaşlıq etməlidir. Azərbaycanın isə bu beş sahilyanı ölkənin birgə fəaliyyətinin təşviqində və problemin həlli üçün planın hazırlanmasında aparıcı rol oynaması vacibdir.
Proqram bir sıra istiqamətləri əhatə etməlidir: ekoloji, iqtisadi, mədəni və sosial istiqamətlər, həmçinin insanların müxtəlif ehtiyaclarının qarşılanması. Təcrübə göstərir ki, bu cür problemlərin həlli üçün ən səmərəli yanaşma məhz budur.
Ümumilikdə hesab edirəm ki, məsələyə yalnız ekoloji problemlərin yaratdığı bir problem kimi yanaşmamalıyıq. Bu, bütün sahilyanı dövlətlərin əməkdaşlığını tələb edən qlobal problemdir".
O əlavə edib ki, indiyədək Xəzər dənizi ilə bağlı əsasən suyun səviyyəsi və digər məsələlər haqqında məlumatlar əldə edilib, lakin bu, kifayət deyil:
"Düşünürəm ki, baş verən dəyişikliklər olduqca dramatikdir və biz məsələyə insan fəaliyyətinin əhatə dairəsi baxımından yanaşmaq imkanına malikik. Bu isə ilk növbədə suyun haradan götürüldüyünü və necə istifadə edildiyini araşdırmaqdan başlayır.
Məsələn, Azərbaycanda ölkə yüksək səviyyədə sənayeləşmiş və yüksək ÜDM-ə malik olsa da, su ehtiyatlarının böyük hissəsi kənd təsərrüfatında istifadə olunur. Burada əsas məsələ kənd təsərrüfatında sudan istifadənin səmərəliliyidir. Yaşıl texnologiyaların səmərəliliyi və gəlirliliyi də su ehtiyatlarından necə istifadə etməyimizlə birbaşa bağlıdır.
Nəhayət, demək olar ki, heç toxunulmayan, lakin mütləq qeyd edilməli olan məsələlərdən biri də çirklənmə problemidir. Bu məsələni digər problemlərlə birlikdə nəzərdən keçirdikdə, onun əhəmiyyəti daha da artır. Bu da ümumi ekoloji məsələlərin, xüsusilə də su ilə bağlı problemlərin başqa bir hissəsidir. Su məsələsində söhbət yalnız suyun həcmindən getmir. Eyni zamanda, suyun keyfiyyəti və onun necə idarə olunması da son dərəcə vacibdir".