"SOCAR emissiyaları azaltmaq üçün peyklərdən, dronlardan və yerüstü ölçmələrdən istifadə edir. BMT-nin Ətraf Mühit Proqramının MARS (Methane Alert and Response System) təşəbbüsü ilə də əməkdaşlıq edirik".
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit üzrə məlumatların açıqlanması və yaşıl məsələlər departamentinin rəhbəri Mustafa Qurbanlı Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, MARS enerji şirkətlərinə potensial emissiyalar barədə məlumat təqdim edir:
"Biz bu emissiya məlumatlarını alan şirkətlərdən biriyik. Proqram sayəsində 100 milyon kubmetrdən çox emissiyanın qarşısını almağa və həmin qazı yenidən sistemə qaytarmağa nail olduq. Əlbəttə ki, dronlar da energetika sənayemizin vacib hissəsinə çevrilir, SOCAR emissiyalarımızın ölçülməsində beynəlxalq və yerli şirkətlərlə sıx əməkdaşlıq edir".