"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq".
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişməz hesab edir. Bunlara radikal Fələstinin HƏMAS hərəkatının hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmamasının təmin edilməsi daxildir.
Mayın 31-də ABŞ prezidenti Co Bayden İsrailin HƏMAS ilə təklif etdiyi razılaşmanın təfərrüatı barədə danışıb. Onun sözlərinə görə, razılaşmada altı həftə ərzində hərbi əməliyyatların dayandırılması və qoşunların Qəzzadan çıxarılması nəzərdə tutulur. Bundan əlavə, qadın, qoca və yaralı da daxil olmaqla bir sıra girovların azad ediləcəyi, müqabilində yüzlərlə fələstinli məhbusun azad ediləcəyi gözlənilir.
Həmçinin, iyunun 1-də BMT-nin baş katibi Antonio Quterreş İsrailin yeni təklifinin Fələstinin HƏMAS hərəkatı ilə sülhə gətirib çıxara biləcəyinə ümid etdiyini bildirib.
Mənbə: TASS