Kiprdə Böyük Britaniyaya məxsus Akrotiri və Dekeliya hərbi bazalarının yurisdiksiyasında olan ərazidə eyni ailədən olan iki uşaq avtomobilin salonunda ölü tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Phileleftheros" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, uşaqların cəsədlərinin olduğu avtomobil bağlı vəziyyətdə Ksilafaqu kəndi ərazisində, çoxmərtəbəli yaşayış binasının yaxınlığındakı sahədə dayanıb. Hadisə ilə bağlı araşdırmanı Britaniya polisi aparır. Həmin ərazinin əməkdaşları adıçəkilən yaşayış binasında istintaq tədbirləri həyata keçirirlər.
İlkin ehtimala görə, uşaqlar havasızlıqdan boğulma nəticəsində ölüb, həmçinin günəş şüalarının təsirindən yanıq xəsarətləri alıblar. Onların ölümünün dəqiq səbəbini məhkəmə-tibbi ekspertizası müəyyən etməlidir.
"Phileleftheros" qəzeti bildirib ki, uşaqların valideynləri Balkan ölkələrindən birinin vətəndaşlarıdır. Nəşr, həmçinin qeyd edib ki, ölən uşaqlardan birinin 8, digərinin isə 10 yaşı olub.