Norveç Nobel İnstitutu Sülh mükafatı laureatının adının sızması ehtimalını araşdıracaq.
Oxu.Az bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, buna səbəb kimi Venesuela parlamentinin keçmiş müxalif deputatı Mariya Korina Maçadonun sülh mükafatının qalibi edilməsinə bir neçə saat qalmış onun xeyrinə onlayn mərclərin kəskin artması göstərilir.
Məlumata görə, laureatın adının açıqlanmasından bir gün əvvəl "Polymarket" proqnozlar saytında Maçadonun qalib gəlmə əmsalı 3.7% olsa da, bir neçə dəqiqə ərzində 31.5%-dək yüksəlib.
Nəşr diqqətə çatdırır ki, Maçado sülh mükafatını almaqda favorit sayılmırdı.
Xatırladaq ki, bu il Nobel Sülh mükafatı Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya verilib.