Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
"Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəfə seçilmək hüququ var. Mənim səlahiyyət müddətim gələn ilin may ayında bitəcək və Fransa xalqı başqa birini seçəcək. Lakin mən heç nəyi istisna etmirəm. Yenidən qayıtmaq bir qədər qeyri-adidir, amma bunu zaman göstərəcək", - deyə Makron bildirib.
Dövlət başçısı əlavə edib ki, həyat sürprizlərlə doludur - bəzən hətta filmlərdəkindən də çox.
Fransada növbəti prezident seçkisi 2027-ci ilin yazında baş tutacaq. Qanunvericiliyə əsasən, Makron ardıcıl olaraq üçüncü dəfə dövlət başçısı seçilə bilməz.
Eyni zamanda, "Ipsos" və CESI özəl mühəndislik ali məktəbləri şəbəkəsinin bir müddət əvvəl apardığı araşdırmaya görə, Makronun Fransadakı dəstək reytinqi 16 faizə düşüb. Bu rəqəm onun prezidentliyi dövründəki ən aşağı göstərici hesab olunur.