Bu yaxınlarda Kuala-Lumpura gələn Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərinə qarşı terror aktı törətməyə cəhd edən dörd Yəmən vətəndaşı saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli polisin rəhbəri Xalid Abu Bakar bildirib.
“Biz onları hər hansı bir addımı atmamışdan öncə saxlaya bildik”, - o deyib.
Hüquq-mühafizə orqanı əməkdaşları 26-33 yaş arası olan xarici vətəndaşları fevralın 26-da terror əleyhinə reyd zamanı saxlayıblar. Saxlanılanlar arasında Malayziyada özəl universitetdə təhsil alan bir tələbə və yerli restoranların birində aşpaz işləyən bir nəfər var.
Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Əl Səud çoxsaylı heyətin müşayiəti ilə fevralın 26-da Malayziyaya səfərə gəlib. Dördgünlük səfər onun Kuala-Lumpura ilk rəsmi səfəri olub.
N.O.
www.oxu.az