Sosial şəbəkələrdə NASA-nın "Opportunity" aparatı tərəfindən çəkilmiş görüntülər yenidən müzakirə obyektinə çevrilib. Söhbət fotolarda vizual olaraq tapançaya bənzəyən bir obyektdən gedir. Sözügedən kadrlar ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən hələ 2014-cü ildə dərc edilsə də, bu məqam yalnız son zamanlar geniş diqqət çəkib.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, tədqiqatçı Skott Uorinq bu obyektin Yerdənkənar texnologiyaların izi ola biləcəyinə dair fərziyyə irəli sürüb. O, NASA-nın bu kimi dəlilləri qəsdən gizlətdiyini iddia edir.

Bu fikir internet istifadəçiləri arasında, əsasən, istehzalı reaksiyalara səbəb olub. Skeptiklər tədqiqatçının adi bir daş parçasını silahla səhv saldığını qeyd edərək, obyektin forması ilə bağlı uyğunsuzluqları vurğulayıblar: onların fikrincə, obyektin forması barmaqları olan insan əlinə daha çox bənzəyir ki, bu da onun "yadplanetli silahı" olması ehtimalını azaldır.
Mütəxəssislər bu cür halları "pareydoliya" termini ilə izah edirlər. Bu, insan beyninin xaotik strukturlarda tanış obrazlar axtarmaq meyilidir. Geoloqlar isə bildirirlər ki, külək eroziyası nəticəsində Marsdakı süxurlar (əsasən bazalt və dəmir oksidləri) milyonlarla il ərzində ən qəribə və aldadıcı formaları ala bilər.