"Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu mayın sonunda baş tuta bilər, lakin vaxt Moskvanın Vatikanı vasitəçi kimi qəbul etmək istəyindən asılıdır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi yazıb.
"Avropalı məmurlar deyirlər ki, Vatikanın danışıqlarda potensial ev sahibi və ya vasitəçi rolu ilə bağlı müzakirələr gedir. Danışıqlar artıq gələn həftə baş tuta bilər, baxmayaraq ki, bu, Rusiyanın danışıqlarda iştiraka hazırlığından asılıdır", - deyə nəşr bildirib.
Həmçinin agentlik qeyd edib ki, Rusiya Vatikanın Ukrayna üzrə danışıqlar prosesinə cəlb edilməsində maraqlı deyil, Moskva nümayəndə heyətlərinin ötən həftə İstanbulda başlayan görüşlərinin davam etdirilməsinə üstünlük verir.
"Bloomberg"in məlumatına görə, Rusiya rəsmiləri Prezident Vladimir Putinin Vatikana və ya hazırda danışıqlar üçün hər hansı başqa yerə getməsini planlaşdırmırlar. Bunun əvəzinə, iddia edildiyi kimi, Moskva mayın 16-da İstanbulda baş tutan texniki danışıqların davam etdirilməsinə diqqətini cəmləyib.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri diplomatik mənbələrə istinadən Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun iyunun ortalarında Vatikanda keçirilə biləcəyini yazmışdı.