Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 21-22 fevralda Rusiyaya rəsmi səfərə gedəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Səfər Rusiyanın XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.
“Səfərin gedişatında Nalbandyan və Lavrov Ermənistan və Rusiya arasında strateji, müttəfiq münasibətlərə dair məsələləri, iki dövlət başçısı arasında əldə edilmiş müqavilələrin yerinə yetirilməsi addımlarını müzakirə edəcəklər. Görüş zamanı tərəflər regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, görüşdə həmçinin Vyana və Sankt-Peterburqda keçirilən sammitlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq məqsədilə əldə edilən sazişlərin yerinə yetirilməsi istiqamətində addımları da müzakirə edəcəklər.
N.O.
www.oxu.az