Nepalda baş vermiş dəhşətli daşqınlar ölkəyə azı 2.56 milyard dollar həcmində maddi ziyan vurub. Söhbət əsasən infrastrukturun, yaşayış evlərinin və müxtəlif əmlakların məhvindən gedir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ilk dörd ay ərzində müvəqqəti sığınacaqların qurulması, yolların bərpası, eləcə də əhalinin elektrik enerjisi və içməli su ilə təmin edilməsi kimi bərpa işlərinə təqribən 52.6 milyon dollar vəsait tələb olunacaq.
Qeyd edək ki, dağıdıcı daşqınlar avqustun 26-da Nepalın şimalında baş verib. Sürətlə hərəkət edən dağ süxurları çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub. Son məlumatlara əsasən, daşqınlar nəticəsində 1 200-dən çox insan həyatını itirib, 4 500-dən artıq şəxs isə itkin düşmüş hesab olunur.