Nepal əhalisi yaxın gələcəkdə yeni sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin rəsmiləri peyk görüntülərinə əsaslanaraq Nepalda buzlaqların çökməsi təhlükəsinin hələ də davam etdiyini bildiriblər.
Ehtimallarına görə, regionda su axınlarının təsiri ilə hərəkətə gələ bilən və insan həyatına real təhdid yaradan müxtəlif miqyaslı bir neçə sürüşmə zonası mövcuddur.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimal hissəsində şiddətli daşqınlar qeydə alınıb. Təbii fəlakətə Çin sərhədində baş vermiş qar uçqunu səbəb olub. Sürətlə hərəkət edən dağ süxuru kütləsi çay yatağı boyunca 70 kilometrdən artıq irəliləyərək ətrafdakı yaşayış məntəqələrini viran qoyub və böyük bir ərazinin su altında qalmasına gətirib çıxarıb. Son statistikaya əsasən, faciə ən azı 919 nəfərin ölümünə səbəb olub, təqribən 2 min insan isə itkin düşmüş sayılır.