ABŞ-nin Nyu-York şəhərində Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı məhkəmə iclası keçirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, təxminən 20 dəqiqə davam edən iclasın əsas mövzusu məhkəmə prosesinin qrafikinin təsdiqlənməsi olub.
Məlumata görə, prokurorluq müdafiə tərəfinin razılığı ilə hakim Elvin Hellerstaynın adına vəsatət təqdim edərək işə mahiyyəti üzrə baxılmasının 2027-ci ilin iyununda başlanmasını təklif edib. Hakim isə dinləmələrin başlanma tarixini 1 iyun 2027-ci il olaraq müəyyənləşdirib.
Nikolas Maduro və həyat yoldaşı məhkəməyə həbsxana geyimində gətiriliblər və iclas zamanı heç bir açıqlama verməyiblər.
İclas başa çatdıqdan sonra onlar 2026-cı ilin yanvar ayından saxlanıldıqları Bruklin həbsxanasına geri qaytarılıblar.
Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də Nyu-Yorkda baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Əvvəlcə məhkəmə iclasının iyun ayının 30-na təyin edilməsi nəzərdə tutulmuşdu. Ancaq iyunun 16-da prokurorluq prosesin üç həftəlik təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton bu addımı logistika, planlaşdırma problemlərinin həlli və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqələndirib.
Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn prokurorluğun bu tələbini qəbul edib.
Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyat reallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub.