Xəzər rayonunun Zirə qəsəbəsində torpaq mübahisəsi yaranıb. Qəsəbə sakininin iddiasına görə, ata-babasından qalan təxminən 12 hektar torpaq sahəsi Feruz adlı iş adamı tərəfindən zəbt edilib.
Şikayətçi bildirir ki, 10-15 il əvvəl həmin şəxs bu torpağın əvəzində ona başqa ərazidə sahə verəcəyini vəd edib.
Vətəndaş təkliflə razılaşsa da, indiyədək ona başqa torpaq sahəsi təqdim edilməyib, özünə məxsus ərazi isə geri qaytarılmayıb. Sakinin sözlərinə görə, o, dəfələrlə torpağının geri verilməsini tələb edib. Lakin iş adamı ərazini başqa şəxsdən aldığını və burada zeytun bağı saldığını əsas gətirərək torpaqdan çıxmayacağını bildirib. Şikayətçi iddia edir ki, Feruz adlı şəxs kəndin digər sakinlərinə məxsus torpaq sahələrini də əldə edərək birləşdirib və geniş ərazidə zeytun bağı salıb.
Vətəndaş təxminən 10 ildir müxtəlif dövlət qurumlarına müraciət etdiyini, lakin problemin hələ də həllini tapmadığını deyir.