Ötən gün Pakistanın Müzəffərabad şəhəri yaxınlığında "Mi-17" helikopterinin qəzaya uğramasının detalları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, 22 nəfərin həyatına son qoyan bu qəzaya səbəb havaya qalxma zamanı hava gəmisində yaranmış texniki nasazlıq olub. Hadisə ilə bağlı məlumatı ilk olaraq yerli təhlükəsizlik xidmətlərindəki mənbələr təsdiqləyiblər.
"Çərşənbə günü Pakistanın Kəşmir bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində ən azı 22 əməkdaş həlak olub", - deyə agentlik rəsmi məlumata istinadən xəbər yayıb.
Daha sonra Pakistanın İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti qəzanın detallarına aydınlıq gətirib. Məlum olub ki, qəzaya uğrayan "Mi-17" markalı hava gəmisi məhz hündürlük yığarkən yerə çırpılıb. İnsident nəticəsində göyərtədə olanların heç biri sağ qalmayıb. Kəşmirdə Pakistana məxsus "Mi-17" helikopterinin qəzaya uğramasının səbəblərini araşdırmaq məqsədilə hökumət tərəfindən xüsusi istintaq komissiyası yaradılıb.