"Ermənistan nəzəri baxımdan Azərbaycan, Türkmənistan və ya İrandan təbii qaz ala bilər".
Oxu.Az "Praym" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Xidmətlərin Tənzimləməsi Komissiyasının rəhbəri Mesrop Mesropyan brifinqdə məlumat verib.
Mətbuat konfransında jurnalistlər Mesropyana Rusiya qazını əvəz edə biləcək mümkün alternativlər barədə sual ünvanlayıblar.
"Siyasətçi olmadığım və siyasi qərarların qəbulunda iştirak etmədiyim üçün bu məlumatlara sahib deyiləm. Lakin alternativ olaraq qonşu dövlətlərdən, məsələn, Azərbaycan, Türkmənistan və İrandan qaz tədarükü nəzərdən keçirilə bilər. Bu ölkələrin hamısı qaz ixrac edir və mövcud infrastruktur Ermənistana onlardan yanacaq almağa imkan verir", - deyə komissiya sədri vurğulayıb.
O, həmçinin Rusiya qazının Ermənistan üçün nəzəri olaraq bahalaşa biləcəyini ehtimal edib, lakin hələlik İrəvana bu barədə hər hansı rəsmi məlumatın daxil olmadığını əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi mayın 27-də səfirlik vasitəsilə İrəvana məktub göndərildiyini bəyan edib.
Həmin sənəddə qeyd olunur ki, Ermənistanın Avropa İttifaqına daxil olmaq prosesi davam edərsə, rəsmi Moskva təbii qaz, neft məhsulları və emal edilməmiş təbii almazların tədarükü sahəsində əməkdaşlıq sazişini birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.